Xalq Təhsili Muzeyi qədim zamanlardan başlayaraq
müasir dövrə qədər Azərbaycan pedaqoji fikrin və təhsilin inkişafı tarixini əks
etdirən, bütövlüklə təhsil sisteminin nailiyyətlərini təbliğ edən Respublika əhəmiyyətli
müəssisəsidir.
Muzeyin ekspozisiya və fondunda toplanmış 36 mindən
artıq foto, sənəd və materiallar, nəşr nümunələri və digər eksponatlar, Azərbaycan
təhsilinin tədqiqi, öyrənilməsi və təbliği işində bir mənbə kimi mühüm əhəmiyyət
kəsb edir. Belə ki, KİV nümayəndələri, kinematoqrafiya işçiləri, tədqiqatçılar
elmi əsərlərin yazılmasında, radio və televiziya verlişlərinin hazırlanmasında
və sənədli filmlərin çəkilişində muzeyin fond və ekspozisiya materiallarından
istifadə edirlər.
Son üç ildə muzeyin fond və
ekspozisiya materiallarından istifadə olunmaqla, Rus əməkdaşlıq nümayəndəliyi,
Bakı şəhərində Rusiya İnformasiya Mərkəzi tərəfindən “A.O.Çernyayevski”, Azərbaycan
Televeziya və Radio Verlişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi
tərəfindən “H.Z.Tağıyev”, “M.Mehdizadə”, “F.Köçərli”, “R.Əfəndiyev”,“S.S.Axundov”,
Lider Televiziyası tərəfindən “H.Z.Tağıyevin qız məktəbi” adlı sənədli filmlər
çəkilmiş, Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin Mədəniyyət
kanalında efirə gedəcək “Keçmişdən gələcəyə” və “Maarif
işığında” proqramlarının çəkilişləri muzey əməkdaşlarının iştirakı ilə
muzey salonlarında aparılmışdır.
Azərbaycan təhsilinin inkişaf tarixi və bugünki
nailiyyətlərinin öyrənilməsi və təbliği istiqamətində Xalq Təhsili Muzeyində
elmi-axtarış və tədqiqat işləri aparılır, muzey əməkdaşları elmi-axtarış və tədqiqat
işlərinin nəticəsi ilə bağlı məqalələrlə dövri mətbuatda çıxış edirlər.
Muzeyin direktor müavini Z.Şiriyevanın “Роль
педагога в организации воспитательной работы” ( “Научные труды” Международный
научной конференции, Москва, 12-14 марта, 2014 г.), “Muzey mühiti gənclərlə təlim-tərbiyə
prosesinin mühüm kompanenti kimi” (“Azərbaycan məktəbi” jurnalı ), “H.Zərdabi və
maarif” (“Azərbaycan müəllimi”qəzeti),
“Tarixi qurultay”(“Azərbaycan müəllimi”qəzeti), Ekspozisiya şöbəsinin müdiri
Q.Qafarovanın “XIX əsrdə Azərbaycan təhsilinin inkişafı və idarəçiliyi üçün qəbul
olunmuş nizamnamələr və ya təhsilimizin keçdiyi yol” (“Təhsil” jurnalı), şöbənin
kiçik elmi işçisi A.Nəsirovanın “Maarif fədailərimiz: Ağabəy İsrafilbəyli” (“Azərbaycan
məktəbi”),Fond və kitabxana şöbəsinin elmi işçisi J.Əbilovanın “Tanınmış müəllim,
şair Mirzə Xosrov Axundzadə-125” (“Azərbaycan müəllimi”) adlı məqalələrini
nümunə göstərmək olar.
Muzey tərəfindən müntəzəm olaraq Azərbaycanda
təhsilin inkişaf yolunda böyük xidmətləri olan şəxsiyyətlərə, pedaqoq alimlərə,
qabaqcıl müəllimlərə həsr olunmuş və Respublika əhəmiyyətli günlərlə bağlı
maraqlı sərgilər təşkil edilir, tanınmış ziyalılar, alimlər, müəllimlər, şagird
və tələbələr, KİV nümayəndələrinin iştirakı ilə təqdimat mərasimləri,
seminarlar və digər tədbirlər keçirilir.
H.Əliyevin 85 illiyinə həsr olunmuş “Bir
ömrün salnaməsi” adlı bədii sərgisinin “H.Əliyev və təhsil” bölməsinə, YUNESKO,
Azərbaycan Respublikası Təhsil Nazirliyi və H.Əliyevin təşkilatçılığı ilə
Bakıda keçirilən “Dünyada savadlılığın dəstəklənməsi” üzrə Azərbaycan təhsilinin
tarixi və indiki vəziyyətinə dair nümayiş etdiriləcək sərgi üçün Xalq Təhsili
Muzeyi fotomateriallar, dərslik və tədris ləvazimatları təqdim etmişdir.
Muzey ekspozisiyası ilə tanış olmaq məqsədilə
gələn ziyarətçilər öz təəssüratlarını rəy kitabındakı qeydlərdə açıqlamış, Azərbaycan
təhsilinin inkişaf tarixinin təbliğində Xalq Təhsili Muzeyinin müstəsna əhəmiyyətini
vurğulamışlar.
Xalq Təhsili Muzeyi öz fəaliyyətini “Təhsil
haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanunlarına, Təhsil
Nazirliyinin əmr və sərəncamlarına, eləcə də muzeyinin Nizamnaməsinə uyğun həyata
keçirməklə, zəngin mütərəqqi ənənələrə, milli-mənəvi dəyərlərə, beynəlxalq təcrübəyə
əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini əks etdirən
sənəd və materialların öyrənilməsi, komplektləşdirilməsi, mühafizəsi və muzeyə
gələnlərə təbliğatı işlərini həyata keçirir.