Xalq Təhsili Muzeyində anım günü

  • Çərşənbə axşamı , 31 Oktyabr 2023


  • 08:17:59

                                                       Xalq Təhsili Muzeyində anım günü

 

Xalq Təhsili Muzeyində 30 oktyabr 2023-cü il tarixində Bakı şəhər Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin şəhid məzunlarına həsr olunmuş anım günü keçirilmişdir. Tədbirdə məktəbin direktoru, müəllim və şagirdləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və Xalq Təhsili Muzeyinin kollektivi iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Anım mərasimini giriş sözü ilə Xalq Təhsili Muzeyinin direktor vəzifəsini icra edən Z.Şiriyeva açaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarımızın daim ehtiramla anılacağını söylədi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Z.Şiriyeva 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın iradəsi sayəsində əldə etdiyimiz böyük qələbədən danışdı. Anım günündə muzeyin direktor müavini  K.Həsənova  “Zəfər salnaməsi”  adlı məruzə ilə çıxış edərək Azərbaycan xalqının keçdiyi tarixi mübarizə yollarından, şəhid və qazi ailələrinə dövlət qayğısından danışdı. Daha sonra məktəbin direktoru Ü.Aslanova vaxtilə işğal altında olan torpaqlarımızın tarixi, coğrafiyası və mədəni dəyərlərini şagirdlərə təbliğ etmək məqsədilə həyata keçirdikləri “Qarabağı tanıyaq və tanıdaq” adlı layihəsi, məktəbin şəhid məzunları barədə məlumat verdi, videoçarx nümayiş etdirildi. Məktəbin müəllimləri G.Mirişova, Ə.Daşdəmirova, A.Məmmədova çıxış edərək məktəbin qəhrəman məzunları ilə bağlı xatirələrini bölüşərək vətənə layiqli övladlar böyüdən şəhid valideynlərinə öz təşəkkürlərini bildirdilər. Şəhid valideynləri G.Mehdiyeva, N.Alıyev, S.Vəliyeva, şəhidin bacısı M.Alıyeva, şəhidin sinif yoldaşı, müharibə iştirakçısı M.Baxışov Vətən və xalq yolunda canından keçən və əbədiyyətə qovuşan yaxınlarından kədər və qürur hissi ilə bəhs etdilər. Tədbirdə 170 nömrəli məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeir və mahnılar səsləndirildi. Sonda tədbir iştirakçıları Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış oldular.