Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin və Xalq Təhsili Muzeyinin əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin müəllimləri, gənc alimlər, tədqiqatçılar ,tələbələr və Bakı şəhər Nərimanov rayon 202 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.
Seminarı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini,dosent Nərgiz Əliyeva Bakı Dövlət Universitetinin elmi təhsil müəssisəsi kimi əhəmiyyətini, onun tarixinin tədqiq və təbliğ edilməsinin vacibliyini bildirdi .Eyni zamanda , universitetin 100 illik yubileyi münasibəti ilə Tarix Muzeyinin BDU ilə birlikdə sərgi keçirməyə hazırlaşdığını diqqətə çatdırdı.Xalq Təhsili Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi L.H.Bayramova birgə təşkil edilmiş bu tədbirin əhəmiyyətini vurğuladı və Bakı Dövlət Universitetini ali təhsil müəsisələrinin bayraqdarı adlandırmaqla Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolundan danışdı, muzey tərəfindən hazırlanmış “Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolu” adlı səyyar sərgini iştirakçılara təqdim edərək elmi seminarın işinə uğurlar arzuladı .
Elmi seminarda Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix elmləri doktoru N.Məmmədov, Xalq Təhsili Muzeyinin direktor müavini Z.Şiriyeva, ”Azərbaycan məktəbi“ jurnalının əməkdaşı B.Mikayıllı çıxış edərək 100 illik yubileyi keçirilən, müsəlman şərqində ilk yeni tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaranması tarixi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və qabaqcıl maarifçi ziyalıların universitetin təşkilində xidmətləri barədə ətraflı məruzə etdilər və iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Elmi seminarın sonunda iştirakçılarXalq Təhsili Muzeynin sənəd və materialları əsasında hazırlanmış 8 stenddən ibarət sərgi ilə tanış oldular.