Xalq Təhsili Muzeyində keçirilmiş Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi

  • Çərşənbə , 26 Fevral 2020


  • 12:58:35

               

 

          Xalq   Təhsili  Muzeyində   24  fevral  2020-ci   il  tarixdə   Xocalı   soyqırımının  28-ci   ildönümünə   həsr   olunmuş  anım   mərasimi   keçirilmişdir.  Anım  mərasimində  Pirşağı qəsəbəsindəki Xocalı  şəhər 2  saylı tam  orta  məktəbin,  Bakı  şəhər  200  saylı   məktəb - lisey  kompleksinin  müəllim    şagirdləri,  Bakı   şəhəri  üzrə  Təhsil   İdarəsi  5 nömrəli Uşaq – Gənclər  İnkişaf Mərkəzinin  dərnək  üzvləri və rəhbərləri  iştirak etmişlər. Anım mərasimini  giriş  sözü   ilə  muzeyin  direktoru,  əməkdar mədəniyyət  işçisi  L.Bayramova açaraq, Azərbaycan  xalqının  tarixinə  qanlı  səhifə  kimi  daxil olan  Xocalı  soyqırımı   zamanı   baş   vermiş  hadisələrdən  danışdı,   erməni  vandalizminin bəşər tarixində görünməmiş qəddarlıqla  insanlığa qarşı törətdiyi bu cinayəti  qətiyyətlə  pislədi.  Soyqırım  qurbanlarının  xatirəsi  “Bir  dəqiqəlik  sükut” la   yad  edildi.

Tədbirdə  Xalq  Təhsili   Muzeyinin   elmi  katibi   İ.Məlikova   “Xocalı  soyqırımı”   adlı  məruzə  ilə   çıxış  edərək  “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərin bu soyqırım aktının beynəlxalq ictimaiyyət  tərəfindən tanınması istiqamətində  mühüm addım olduğunu qeyd etdi. Xocalı soyqırımının  canlı  şahidləri – Xocalı  şəhər  2  saylı  tam orta məktəbin  müəllimləri Səidə Cəfərova, Sevda Məmmədovanın  xatirələri tədbir iştirakıçılarına həyəcanlı anlar yaşatdı.  Mərasimdə   Nəsimi   rayon  5 nömrəli UGİM-nin  direktoru  K.Mustafayeva  çıxışlardan  təsirləndiyini  qeyd  edərək,  bu  hadisənin   təkcə  xocalıların deyil,  bütün  dünya  azərbaycanlılarının  faciəsi  olduğunu     xalqımızın  yaddaşından  heç  zaman  silinməyəcəyini  vurğuladı.

          Anım  mərasimində  məktəblilərin  Xocalı  soyqırımını  əks  etdirən  slayd  nümayişi  ilə  müşayiət  olunan  çıxışları,  BŞTİ  5 nömrəli  UGİM  “Məktəb teatrı” dərnəyi üzvlərinin  hazırladıqları  ədəbi-bədii  kompozisiya  və vətənpərvərlik mövzusunda  mahnılar  tədbir  iştirakçılarını  duyğulandırdı.

Tədbirin sonunda  iştirakçılar  Xalq  Təhsili  Muzeyi fondunun sənəd   materialları,  Bakı  şəhər  məktəblilərinin  rəsmləri  əsasında  təşkil  edilmiş   “Xocalı soyqırımı”   adlı   sərgi  ilə  tanış  oldular.